Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin bugünkü durumunu şərh edərkən onu “dənizsiz ada”ya bənzədib.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, o deyib ki, Ermənistan 4 ölkə ilə həmsərhəd olsa da, hazırda yalnız iki ölkə ərazisi ilə əlaqəsi var ki, əslində bu sərhədləri də tam açıq adlandırmaq olmaz. “Bunlardan biri İranla olan sərhədimizdir ki, bugünkü situasiyada onun tam bağlanması hər an baş verə bilər. Digəri isə Gürcüstanla olan sərhəddir ki, orada da həm geosiyasi proseslər, həm də hava şəraitindən asılı olaraq vəziyyət stabil deyil və faktiki, biz ətrafında dəniz olmayan adadayıq”- deyən Paşinyan Türkiyənin Azərbaycana görə onunla sərhədi bağlamasını absurd adlandırıb. Bildirib ki, Ermənistan dəfələrlə Türkiyə ilə münasibətlərin yaxşılaşmasına hazır olduğunu bildirib, “lakin bu o demək deyil ki, biz 1915-ci il genosidini unuduruq. Genosid erməni-türk məsələsi deyil, bu, beynəlxalq təhlükəsizlik və dünyada soyqırımların qarşısının alınmasına verdiyimiz töhfədir”.
Paşinyan deyib ki, bir ölkənin başqa ölkəyə görə üçüncü ölkənin sərhədlərini bağlaması “pis siyasətdir” və kimsə Dağlıq Qarabağ məsələsində təzyiqlərlə bağqa nəticələrə nail olunacağını düşünürsə, yanılır.
Təbii ki, o, ölkəsinin “dənizsiz ada” durumunda qalmasının məhz bu dövlətin işğalçılıq siyasətinin məhsulu olduğunu dilinə gətirməyib.