“Microoft” Azərbaycanda “Əşyaların interneti” adlı laboratoriya yaradacaq. Bu laboratoriyanın yaradılmasının Azərbaycan üçün faydalı olacağını deyən İKT üzrə tanınmış mütəxəssis Osman Gündüz hesab edir ki, bundan həm dövlət qurumları, həm də vətəndaşlar yararlana biləcək.
“Düşünürəm ki, Azərbaycanda “Microsoft”un laboratoriyasının yaradılması faydalı bir addım olacaq. Hazırda dünyada aparıcı xətlərdən, trendlərdən biri “Əşyaların interneti”dir. Yəni bu, rəqəmsallaşma məsələsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Cəmiyyətin bütün sferalarının rəqəmsal mühitə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, bu, ətrafımızda nə varsa, hamısının rəqəmsallaşması və insanlara fayda verməsi baxımından önəmlidir. Son dövrlərdə bizdə müxtəlif sahələrdə yeni gələn informasiya texnologiyaları ilə əlaqədar avadanlıqların tətbiqi məsələləri artıq genişlənməkdədir. Bu baxımdan, müəyyən araşdırma işlərinin aparılması, hansısa təlimlərin keçirilməsi, insanların bununla bağlı öyrədilməsi, bilik və bacarıqlarını artırması böyük əhəmiyyətə malikdir”-deyə bildirən O.Gündüzün sözlərinə görə, bunun üçün də müasir tipli laboratoriyalar, avadanlıqlar tələb olunur. O.Gündüz deyir ki, bütün məsələləri araşdırmaq, sınaqdan keçirmək üçün bu tip laboratoriyalara, təlimlərin keçirilməsinə ciddi ehtiyac var. “Hesab edirəm ki, bu nöqteyi-nəzərdən “Microsoft” şirkəti belə bir addım atırsa, bu təqdirəlayiqdir. Düşünürəm ki, “Microsoft”un Azərbaycanda laboratoriyasının yaradılması bizim üçün çox faydalı olacaq”-deyə O.Gündüz vurğuladı.
Qeyd edək ki, artıq Azərbaycanda “Microsoft”un laboratoriyasının yaradılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi MMC ilə “Microsoft Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb.
İradə SARIYEVA