Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində güclü bir dövlətə çevrilib.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neftayırma zavodunun açılış mərasimindəki çıxışında səsləndirib. Prezident Əliyev deyib ki, Azərbaycan Türkiyənin dünya arenasında mövqelərinin güclənməsini alqışlayır.
Türkiyənin regiondakı problemlərin həllində oynadığı aktiv roluna toxunan Azərbaycan dövlət başçısı Türkiyə - Azərbaycan münasibətlərini qardaşlıq nümunəsi adlandırıb. “Mən başqa ölkələr tanımıram ki, bu cür möhkəm əlaqələri olsun. Bu böyük nailiyyətdir. Məhz bu səbəbdən biz bir-birinin iqtisadiyyatına iri sərmayələr yatırırıq. Bizim gücümüz birlikdədir”- Prezident Əliyev qeyd edib.
Azərbaycan Prezidenti deyib ki, Türkiyə və Azərbaycan digər mühüm layihələr də reallaşdırmağa hazırlaşır. “Bu layihələrin hər biri istər region, istərsə də Avrasiya üçün böyük önəm daşıyır. Türkiyə və Azərbaycan böyük siyasi iradə nümayiş etdirir. İki ölkə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bu layihələrin hamısı böyük maliyyə tələb edir. Biz qardaş ölkələrimizin iqtisadiyyatına iri həcmli investisiyalar yatırırıq”- İlham Əliyev bildirib.
Xatırladaq ki, Türkiyənin İzmir şəhərində təntənəli açılışı olan “Star” neftayırma zavodu Türkiyənin neft məhsullarına tələbatını 25 faiz ödəyəcək. Zavod nafta, ultra aşağı kükürd tərkibli dizel yanacağı, aviasiya yanacağı, neft koksu və digər məhsullar istehsal edəcək.
Zavodun illik istehsal gücü 10 milyon ton məhsul təşkil edəcək.