“Ermənistanın Frankafoniya sammitinə çox böyük ümidləri olsa da, sammit tam iflasla yekunlaşdı”. Bu fikirləri SİA-ya açıqlamasında “ Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Ermənistan bu platformada aktiv şəkildə iştirak etməklə həm fransız dilli ölkələrin siyasi dəstəyini almağa, həm də onların iqtisadi dəstəyini almaqla bu gün məruz qaldığı regional tədric vəziyyətinin çox ağır nəticələrini nisbətən yumşaltmağa çalışırdı: “ Eyni zamanda Ermənistan Frankafoniya təşkilatına üzv olan fransız dilli ölkələri ayrı-ayrılıqda müxtəlif beynəlxalq təşkilatların tərkibində Azərbaycan əleyhinə yönəltmək məqsədi güdürdü. Çünki bu ölkənin ölçülərinə görə, həmin ölkələrlə Ermənistan arasında qurulan yaxın münasibətlər sonda müxətlif təşkilatların tərkibində Azərbaycan əleyhinə yeni cəbhə yaratmağa imkan verə bilərdi. Amma bütün bu hesablar yarımçıq qaldı və Ermənistan sonda iflasa uğradı”.
A. Quliyev qeyd edib ki, təşkilatın özünün daxilində də ciddi ziddiyyətlərin olduğu meydana çıxdı: “ Artıq dünyada çoxlu sayda subyektlər, beynəlxalq təşkilatlar, fəal insanlar, diplomatlar Ermənistanın özünün Frankafoniya təşkilatı ilə hər hansı əlaqəsinin olmasının məntiqə sığışmadığını anlama başlayırlar. Çünki, Ermənistanı Bu təşkilatla nə dil, nə mədəniyyət birliyi bağlamır. Eyni zamanda Fankafoniya təşkilatının öz üzərinə dünyaya sülh, humanizm dəyərlərinin təbliği funksiyasını götürdüyünü nəzərə alsaq, Ermənistanın bu nöqteyi nəzərdən də təşkilatda yeri yoxdur”.
Baş redaktorun sözlərinə görə, artıq dünyada çoxları tərəfindən sual olunur ki, Azərbaycanın 20 faizi torpaqlarını işğal altında saxlayan, 1 milyona qədər qaçqının hüquqlarını pozan, insanların əmlakını əlindən alıb yurd-yuvalarından qovan bir dövlət dünyaya heç bir humanizm, bəşəri dəyər təqdim edə bilməz və belə dövlətin Frankafoniya təşkilatı ilə heç bir əlaqəsi ola bilməz: “ Bu nöqteyi- nəzərdən Ermənistanın özünü bu təşkilata bağlamaq cəhdləri dərin şəkildə zədələndi”.
Təşkilatın özünün daxilində ziddiyyətlərin meydana gəldiyini deyən A. Quliyev vurğulayıb ki, artıq təşkilatın ölü qurum olduğu baş katib tərəfindən bəyan edildi: “Kanada ilə Fransa arasında təşkilatda daha böyük üstünlük əldə etmək uğrunda gizli müharibə gedir. Fransız dilli ölkələrin özlərinin arasında ciddi problemlər meydana gəlməyə başlayıb. Bütün bunlar o deməkdir ki, nəinki Ermənistanın Frankafoniya təşkilatında üstünlük götürmək taktiki iflasa uğradı, eyni zamanda hətta Frankafoniya təşkilatının özü müxtəlif dövlətlərin siyasi, iqtisadi xarakterli ambisiyaları üzündən iflasa uğramaq həddinə gəlib çatıb. Yəqin ki, bu proses biraz da güclü şəkildə davam edəcək”.