İyunun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Komitədən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının Azərbaycanı xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdiyini, müstəqil dövlətimizin taleyində dönüş anı olduğunu bildirib. Qeyd edib ki, ümummili lider ölkədə ictimai-siyasi sabitlik yaradılması, sosial-iqtisadi böhranın aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüb, köklü islahatlar həyata keçirib. Müharibə alovuna bürünmüş Qarabağda atəşkəs rejiminin tətbiq edilməsi Azərbaycana öz maddi və mənəvi resurslarını səfərbər etmək, mövcud problemlərin həlli, o cümlədən işğal edilmiş ərazilərdən didərgin düşmüş həmvətənlərimizin humanitar fəlakətdən qurtarılması istiqamətində zəruri addımlar atmaq imkanı verib.
Qeyd olunub ki, Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlər arasında qaçqın və məcburi köçkünlərin problemləri xüsusi yer tutub, həmin problemlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilib.
Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün əvəzedilməz infrastruktur layihəsi olan, mühüm siyasi və iqtisadi əhəmiyyətə malik TANAP qaz kəmərinin Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilməsi Heydər Əliyevin dövlətçilik ideyalarının növbəti təntənəsi kimi dəyərləndirilib.
Azərbaycandakı möhkəm ictimai-siyasi sabitlik, davamlı inkişaf bütün sahələrdə vüsətli irəliləyişə, o cümlədən qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin həllində ciddi nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mühüm proqramlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahədə bir sıra layihələr həyata keçirilir.
Sonra Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov geniş məruzə ilə çıxış edərək, Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyəti haqqında fikir və mülahizələrini bölüşüb.
Tədbirdə Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub.
Baki-xeber.com