Transanadolu qaz kəmərinin (TANAP) tikinti işlərinin başa çatması Avropada enerji təhlükəsizliyinin təmin edilməsi yolunda mühüm addımdır. Bunu Trend-ə TAP-ın prezidenti Valter Piraer deyib.
O bildirib ki, TANAP üzrə işlərin yekunlaşması regionda enerji təhlükəsizliyinin, şaxələndirmə və karbonsızlaşdırmanın təmin edilməsi yolunda vacib addımdır.
V.Piraer qeyd edib ki, TAP Transanadolu qaz kəmərinin işə başlamasını alqışlayır: "TANAP-ı "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması qrafikinə uyğun olaraq layihə üzrə işlərin uğurla başa çatması münasibətilə təbrik edirəm".
Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.
Xatırladaq ki, mayın 29-a Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılış mərasimi keçiriləcək. İyunun 12-də isə TANAP istismara veriləcək.