"Azərbaycan həmişə bu təşkilata qarşı ciddi mübarizə aparacaq"
Xəbər verildiyi kimi, Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib. R.Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirib.
Ə.Ala deyib ki, iki ölkənin daxili işlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var. O bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətinə son qoyulması istiqamətində də təsirli əməkdaşlıq davam etməkdədir: "Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq".
Azərbaycan daxili işlər naziri R.Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb: "FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".
Ümumilikdə R.Usubovun FETÖ ilə bağlı sərgilədiyi qətiyyətli mövqe necə şərh olunur?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə ortaya qoyulan bu cür qətiyyətli mövqeyə müsbət prizmadan yanaşdığını bildirdi: "Azərbaycanda dövlətçiliyimizə, sivil cəmiyyət quruculuğuna mane olan bütün qüvvələrə qarşı həmişə qanun çərçivəsində mübarizə aparılıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda stabil həyat, təhlükəsizliyin yüksək səviyyədə qorunması təmin edilir və iqtisadi inkişaf gedir. Türkiyədə baş verən hadisələr həmişə Azərbaycanda böyük maraqla qarşılanıb. Türkiyənin uğuruna hər zaman sevinirik, uğursuzluğu daim bizdə narahatlıq doğurub. Türkiyənin üzləşdiyi terror təhlükəsi, əlbəttə ki, Azərbaycan tərəfdən ciddi qəbul edilir. FETÖ təhlükəsi təkcə Türkiyə üçün deyil, o cümlədən Azərbaycan üçün də ola bilər. Ona görə də Azərbaycan həmişə bu təşkilata qarşı ciddi mübarizə aparacaq. Bunu daxili işlər naziri R.Usubov bir daha bildirdi. Hesab edirəm ki, bu məsələdə Azərbaycan və Türkiyənin dostluq və qardaşlığı çox əhəmiyyətli rol oynayacaq".
Vidadi ORDAHALLI