"Hesab edirəm ki, onlayn media ilə bağlı bütün müddəalar ənənəvi medianın tələblərinə uyğunlaşmalıdır"
Prezident Administrasiyası (PA), Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının (MM) təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.
MSK sədri Məzahir Pənahov öz çıxışında deyib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov isə qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir. PA rəsmisinin sözlərinə görə, onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olursa, jurnalist məsuliyyəti də daşıyırlar. O deyib ki, bloqger öz səhifəsində nəsə yazırsa, bu başqa məsələdir, lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu artıq mediadır.
"Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır"-deyə PA rəsmisi daha sonra sözlərinə əlavə edib.
Əli Həsənovun onlayn media ilə bağlı təklifi necə qiymətləndirilə bilər?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, onlayn media deyəndə bəzən yanlış yanaşma ortaya qoyulur: "Bəzi insanlar elə bilir ki, internetdə nə yazılırsa, onlayn mediaya aiddir. Belə deyil. Sosial şəbəkələr, bloqgerlərin yazdıqları tamamilə başqadır. Bu cür fəaliyyətlər onlayn mediaya aid deyil. Bir neçə il əvvəl "KİV haqqında" Qanuna edilən dəyişikliklər internet media ilə ənənəvi media arasındakı məsuliyyət və səlahiyyətləri eyniləşdirdi. Yəni ənənəvi mediaya nə şamil olunursa, onlayn media da həmin imkanlardan yararlana bilər. Bu heç də sərbəst məkanda nə istəyirəm yazıram anlamına gəlməməlidir. Bu baxımdan da Əli Həsənovun etdiyi təklifi məqbul sayıram. Hesab edirəm ki, onlayn media ilə bağlı bütün müddəalar ənənəvi medianın tələblərinə uyğunlaşmalıdır. Onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində mütləq əksini tapmalıdır. Bu, jurnalistlərin seçki proseslərini aktiv işıqlandırmasına şərait yaradar".
Məhəmmədəli QƏRİBLİ