Rusiyadan Türkiyəyə gələn turistlər burada rublla alış-veriş edə biləcək.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib. O deyib ki, bu ilin iyul ayına olan göstəriciyə görə Rusiyadan Türkiyəyə turist axını 70-80 faiz azalıb. O üzdən, nazirin fikrincə, münasibətlərin bərpası və əvvəlki vəziyyətinə gətirilməsi üçün bütün mümkün variantlardan istifadə olunmalıdır ki, onlardan biri də valyuta məsələsinin sadələşdirilməsidir. Nazir onu da deyib ki, eyni zamanda təhlükəsizliyin təmin olunması yönündə iki ölkə arasında birgə tədbirlər görülür.
Bu arada Antalya meri Mendes Türel bildirib ki, ölkəyə turist axınının 66 faizi təmsil etdiyi regionun payına düşür ki, burada da əksəriyyəti rusiyalı turistlər təşkil edir. Antalyanın qubernatoru Münir Karaloğlu isə bildirib ki, münasibətlərdəki soyuqlaçmaden öncə hər il Rusiyadan Antalyaya 3 milyona yaxın turist səfər edirdi. O, həmin dönəmin yenidən qayıdacağına əminliyini bildirib.
Xatırladaq ki, bu günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyəyə çarter reyslərinin bərpası ilə bağlı sərəncam imzalayıb. Xəbərə görə, reyslər sentyabrın 3-dən bərpa olunacaq.