Polşa Respublikasının rəhbərliyi Belarusla sərhədində toplaşan və qaçqın statusu tələb edən çeçenlərdən ibarət qrupu öz ərazisinə qəbul etmək niyyətində deyil.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə TВН24 telekanalının səhər proqramında ölkə DİN-in rəhbəri Mariuş Blaşşak bəyan edib. O deyib ki, ölkəsi miqrasiya böhranı yaratmaq istəyənlərin təzyiqlərinə boyun əyməyəcək. Nazir bildirib ki, Çeçenistanda müharibə yoxdur və bu adamların əsas məqsədi Qərbi Avropaya yerləşməkdir. “Mənim fikrimcə, bu, müsəlmanların Avropaya axınının yeni emiqrasiya yolu açmaq cəhdidir”- o deyib. Polşalı nazirin sözlərinə görə, ölkəsi Avropa İttifaqının miqrant böhranı yaşadığı bir dövrdə müharibədən ziyan çəkənlərə hər cür yardım göstərir, maliyyə dəstəyi verir. Lakin bununla belə o bildirib ki, Polşa üçün təhlükəsizlik məsələsi öndə gəlir və ölkəni terror təhlükəsi altına qoya bilməzlər.
Xatırladaq ki, ötən gün Polşa-Belarus sərhədində çeçen millətindən olan təxminən 200 nəfərlik dəstə Polşaya keçmək istəyib və qaçqın statusu almaq niyyətini açıqlayıb, lakin Polşa onlara qapılarını açmayıb.