“İslam dövləti” terrorçu qruplaşmasının spikeri Əbu-Məhəmməd əl-Adnani Suriyanın Hələb şəhərində vurulub.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə BBC terror qruplaşmasına yaxın KİV-dən məlumat əldə edib. Xəbərdə bildirilir ki, terrorçubaşı Hələbdə gedən döyüş əməliyyatlarını izləyərkən vurulub. Lakin onun hansı şəkildə - havadan zərbə və ya qurudan açılan atəşlə məhv edildiyi açıqlanmır.
Qeyd edək ki, hazırda Hələbin Şərq hissəsi silahlı qruplaşmaların, Qərb hissəsi isə hökumət qüvvələrinin nəzarətindədir. Beləliklə şəhər həm terrorçular, həm də ordu tərəfindən atəşə tutulur. Ağır şərait üzündən müharibəyə qədər 2 milyon əhalisi olan şəhərdə hazırda 700 min sakinin qaldığı xəbər verilir.