Qırğızıstanın paytaxtı Bişkek şəhərində Çin səfirliyi yaxınlığında baş verən partlayış terror aktı olub. Bu barədə Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov bəyanat yayıb. Bəyanatda bildirilir ki, partlayış intiharçı tərəfindən törədilib və terror məqsədi daşıyıb.
Baki-xeber.com daha öncə ria.ru saytına istinadən xəbər vermişdi ki, partlayış nəticəsində bir nəfər ölüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Ölkənin Milli təhlükəsizlik orqanı hadısənin terakt olduğunu təsdiqləməsə də, təkzib də etmir. Bu barədə agentliyə orqanın əməkdaşı Rahat Süleymanov danışıb.
Xəbərə görə, partlayış səfirliyin girişində yerli vaxtla səhər saat 10:00-da baş verib. Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, üzbəüz evlərin pəncərə şüşələri və mağazaların vitrinləri dağılıb. Xəbərdə o da bildirilir ki, bomba yüklü avtomobil səfirliyin darvazasını dağıdaraq irəliləyib və partlayış səfirliyin ərazisində baş verib.