Kiyevdə rusiyalı jurnalist Aleksandr Şetinin ölü tapılıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, ad gününü təbtik etməyə gələn dostları onu stulda oturmuş və başından güllələnmiş vəziyyətdə aşkarlayıb. Onun vurulduğu tapança isə elə oturduğu stulun altında olub. Xəbərə görə, hələlik işə intihar versiyasında baxılır. O da bildirilir ki, ölümündən az əvvəl o, dostlarından birinə intihar edəcəyi ilə bağlı elektron məktub da göndərib.
TASS-ın xəbərinə görə, Aleksandr Şetinin Rusiyanın “Novıy reqion” agentliyinin təsisçisi idi.
Xəbərdə ona da diqqət çəkilir ki, son illər Ukraynada bir sıra tanınmış jurnalistlər həyatla vidalaşıb. Məsələn, ötən il 15 mart tarixində “Neteşinskiy vestnik” nəşrinin baş redaktoru Olqa Moroz öz evində qətlə yetirilib. Onun həmin ərəfədə meşələrin qanunsuz qırılması ilə bağlı material hazırladığı deyilirdi. Ondan təxminən bir ay sonra – 13 apreldə “Obkom” saytının yaradıcısı Sergey Suxobok öldürüldü. 16 apreldə isə “Seqodnya” qəzetinin eks-baş redaktoru, yazıçı Olqa Buzina evinin çıxışında güllələndi. Cinayətkarlar ona 5 güllə atmışdılar. 20 iyul 2016-cı il tarixdə isə jurnalist Pavel Şeremetin maşını hərəkətdə olarkən partladıldı. İşi araşdıran istintaq qrupu onun da fəaliyyətilə əlaqədar aradan götürüldüyü versiyası üzərində dayanıb.
Belə görünür, bu da hələ son deyil...