Gələn aydan Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq. Bunu APA-nın İran bürosuna İranın elm, təhqiqat və texnologiya naziri (təhsil naziri) Məhəmməd Fərhadi deyib.
"Universitetlərə bildirmişdik ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tələbə qəbulu üçün imkanları varsa, qəbul elan etsinlər. Təbriz Universiteti bu fənn üzrə tələbə qəbul edə biləcəyini açıqlayıb və hazırda bununla bağlı işlər gedir”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə məlumatlar İranın Təhsil və Qiymətləndirmə Təşkilatı tərəfindən tələbə qəbulu kitabçalarında bu gündən dərc olunacaq: "Bu fənn üzrə oxumaq istəyən tələbələr həmin kitabçadan qəbulun şərtləri, yerlər və universitetlər haqqında məlumatı əldə edə bilərlər”.