Jack Conger komanda yoldaşı ilə birlikdə Rio de Janeiro hava limanında təyyarəyə minən zaman saxlanıb.
Baki-xeber.com-un BBC-Azərbaycancaya istinadən xəbərinə görə, Braziliya rəsmiləri iki amerikalı üzgüçü Gunnar Bentz və Jack Conger-i Rio de Janeiro hava limanında təyyarəyə minən zaman saxlandığını təsdiqləyib. Hər iki üzgüçü çərşənbə günü sorğu-sual olunmaq üçün təyyarədən endirilib. Polis bazar günü onların qarət olunması faktı ilə bağlı araşdırma aparıb. Onların digər iki komanda yoldaşına - Ryan Lochte və James Feigenə ölkəni tərk etməyə icazə verilməyib. Locte-nin vəkilinin BBC-yə verdiyi məlumata görə, sonradan Lochte ABŞ-a qayıda bilib. 12 Olimpiya medalı olan Lochte tarixdə ən uğurlu üzgüçülərdən biridir.
4 üzgüçü deyib ki, onlar taksidə silah gücü ilə qarət olunublar, lakin polis onların dediklərinin Olimpiya kəndində CCTV videomüşahidə yazılarına uyğun gəlmədiyini bildirir. Bildirilir ki, üzgüçülərin iddia etdiyi qarət hadisəsi əvvəlindən qarışıqdır. Belə ki, Lochte deyib ki, komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə qayıdanda silahlı şəxs tərəfindən qarət olunub. İlk olaraq Lochte ABŞ televiziya şəbəkəsinə daxil olan NBC-yə hadisə barədə məlumat verib. Lakin Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adams jurnalistlərə deyib ki, qarətlə bağlı məlumat "qətiyyən doğru deyil". Lakin bir qədər sonra ABŞ Olimpiya Komitəsi üzgüçülərin dediklərini təsdiqləyib. Lochte özü isə polislərə deyib ki, şənbə günü axşam o və komanda yoldaşları Feigen, Gunnar Bentz və Jack Conger Fransa Olimpiya komandasının party evində keçirilən tədbirə qatılıblar. O deyib ki, Olimpiya kəndinə geri dönəndə onların maşını özünü polis kimi təqdim edənlər tərəfindən saxlanıb. Locte əlavə edib ki, adamlardan biri onun başına silah dayayıb və pulunu və şəxsi sənədlərini oğurlayıb. Polis araşdırmadan sonra deyib ki, onların qarət olunması faktını təsdiq edəcək sübut tapa bilməyiblər. Onlar həm də üzgüçülərin dediklərində "uyğunsuzluğa" eyham ediblər. Polis deyir ki, Feigen və komanda yoldaşı onları qarət edən insanların sayı ilə bağlı müxtəlif rəqəm səsləndirib. Məsələn, Lochte və Feigen polisə deyib ki, onlar komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə yerli vaxtla saat 04:00-da qayıdıblar. Lakin CCTV video yazılarına görə üzgüçülər Olimpiya kəndinə yerli vaxtla saat 07:00-da gəlib. Polis bildirib ki, onlar üzgüçüləri kəndə gətirən taksi sürücüsünü də müəyyən edə bilməyib.
Hazırda müstəntiqlər üzgüçülərin qaldığı otaqda axtarış aparmaq və Feigen-in mobil telefonunu yoxlamaq üçün order almaqla bağlı müraciət edib.