Almaniyanın RF üzrə eksperti Syuzan Stüart Rusiya prezidenti Vladimir Putinin ölkəsinə qarşı amansız planları olduğunu açıqlayıb.
Baki-xeber.com-un regnum-a istinadən xəbərinə görə, Elm və Siyasət Fondunun "Ehtimal olunan gözlənilməzliklər: Rusiya xarici siyasətinin inkişafının 11 istiqaməti” mövzusunda yeni araşdırması Almaniya üçün heç də ürəkaçan olmayan nəticələr ortaya çıxarıb. Stüart alman-amerikan qəzeti Huffington Post Deutschland (HPD)-a bununla bağlı açıqlamasında iddia edib ki, Putin yaxın illərdə AFR-ə qarşı geniş kampaniyaya başlayacaq.
Stüartın proqnozuna görə, 2017-də Putin Almaniyanı sanksiyaları qaldırmağa məcbur edəcək. Bundan əlavə, bu il Rusiyanın aktiv şəkildə irəliləyən "Şimal axını-2” layihəsinə Aİ-də təzyiqlər artacaq ki, Almaniya da bu tendensiyaya dəstək verəcək. Bu isə Rus mediasında anti-Almaniya ovqatının güclənməsinə, beləliklə də bu ölkədə AFR barəsində düşmən obrazının yaranmasına gətirəcək ki, Rusiya siyasətinin əsas məqsədi də elə budur. Stüart deyir ki, bundan sonra sözügedən media Almaniyada faşizmin ölmədiyini iddia edəcək, buna sübut kimi isə miqrantlarla sağ ekstremistlərin zaman-zaman baş verən toqquşmalarını göstərəcək. Alman eksperti hətta onu da istisna etmir ki, Kreml seçkilər nəticəsində hakimiyyətə "faşist partiyalarınl gələ biləcəyindən əndişəsini dilə gətirəcək. Nəşrin yazdığına görə, Stüart yaxın zamanlarda rusəsilli almanların aktivləşməsinin gözlənilən olduğunu deyir. Bildirir ki, onların 2013-cü ildə yaratdığı, Dmitri Rempelin başçılıq etdiyi "Birlik” partiyası 2017-ci ildə parlament seçkilərində iştirak edəcək. Rusiya isə bu zaman Almaniya daxilində siyasi müttəfiq axtarışına çıxacaq və bu zaman "Almaniya üçün alternativ” partiyasını həvəslə qəbul etməyə hazır olacaq.
Stüartın proqnozlarında, həmçinin, üzümüzə gələn ildə alman biznesmenlərin, mədəniyyət xadimlərinin və siyasilərin Rusiya səfərlərinin artacağı da yer alır. Beləliklə, ekspertin fikrincə, Rusiya özünün bir sıra geopolitik problemlərini həll edəcək. Ən əsası da iqtisadiyyatını möhkəmləndirəcək, Avropanın nüfuzlu dairələrinin köməyilə Aİ sanksiyalarının qaldırılmasına nail olacaq. Bu isə Putinə Aİ ilə ABŞ arasında əməkdaşlığı zəiflətmək üçün lazımdır.
Nəşr sonda onu da bildirir ki, Kreml və Putinin əsas məqsədi Merkel hökumətini çökdürməklə Almaniyada Rusiyayönlü elementləri gücləndirməkdir.