İran İslam Respublikasının hüquq-mühafizə orqanları İraqla sərhəddə 4 nəfər şübhəli şəxsi zərərsizləşdirib.
Baki-xeber.com-un "EAdaily”yə istinadən xəbərinə görə, onların "İslam dövləti” terrorçu təşkilatının üzvləri olduğu güman edilir. Kirmanşah vilayətinin qubernatoru Əsədulla Razani İRİB telekanalına açıqlamasında bildirib ki, onlar İran ərazisində terror aktları törətməyi planlaşdırıblar.
Razaninin sözlərinə görə, yerli təhlükəsizlik orqanları bir müddət 10 nəfərdən ibarət bu qrupu izləyib, avqustun 15-də isə polisin keçirdiyi əməliyyat nəticəsində qrupun "önəmli üzvü” məhv edilib. Xəbərə görə, onun üzərindən müxtəlif silahlar, o cümlədəm intiharçı kəməri götürülüb. 16 avqustda isə şübhəlilərin kirayə etdiyi ev ətrafında keçirilən reyd zamanı daha 3 nəfər zərərsizləşdirilib. Polis buradan "Kalaşnikov” avtomatı və intiharçı kəməri götürüb.