Daha öncə saxlanılmış Türkiyənin "Petkim" neft-kimya kompleksinin sabiq baş direktoru Sadəddin Korqut həbs edilib. Trend "DHA" agentliyinə istinadən bu barədə məlumat verir.
Qeyd edək ki, o, iyulun 28-də Fətullah Gülən hərəkatı tərəfdarları ilə mübarizə çərçivəsində saxlanılmışdı.
S.Korqutdan başqa "Petkim"in daha öncə saxlanılmış daha 13 əməkdaşı da həbs edilib.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, həbs edilənlər arasında S. Korkutla bərabər "SOCAR Türkiye”-nin baş direktorunun müavini, Azərbaycan əsilli İlqar Mehmetoğlu, "Petkim Petrokimya Holding A.Ş.”-nin İctimaiyyətlə əlaqələr müdiri Memduh Taşlıcalı, İnsan resursları şöbəsinin müdiri, Azərbaycan əsilli Rakif Fərəcov, Satınalma işləri şöbəsinin meneceri Selim Bal, Satış şöbəsinin meneceri İbrahim Aydın, şirkətdə himmət pullarını toplamaqda şübhəli bilinən "Petkim”-in "imam"ı Yasin Atak və "ES İnşaat” ortağı Şenol Demirbaş da yer alıb.
Qeyd edək ki, S. Korkut iyulun 27-də tutduğu vəzifədən azad edilib.
Bu arada, SOCAR "Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq rəhbəri və aralarında azərbaycanlıların da olduğu daha 12 nəfərin həbsinə münasibət bildirib.
"Petkim”-in sabiq əməkdaşları Sadettin Korkut, İlqar Mehmetoğlu, Yasin Atak və digərlərinin həbs olunması ilə əlaqədar bildiririk ki,Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Berat Albayrakın da vurğuladığı kimi, bu məsələlərin "Petkim”in və ümumiyyətlə SOCAR-ın Türkiyədəki fəaliyyətləri ilə heç bir bağlılığı yoxdur. Bu, Türkiyənin müvafiq orqanları tərəfindən həyata keçirilən hüquqi prosedurdur. SOCAR dəfələrlə bəyan etdiyi kimi, Türkiyə dövlət orqanlarının həyata keçirdiyi bu prosedurları tam dəstəkləyir", - deyə SOCAR-dan "APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
SOCAR-dan onu da bildiriblər ki, "Petkim” və SOCAR-ın Türkiyədəki digər müəssisələri fəaliyyətlərini normal şəkildə davam etdirir, bütün layihələr üzrə işlər qrafikə uyğun həyata keçirilir.