Moskva şəhərində işgüzar səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Alabino poliqonunda təşkil edilən «Beynəlxalq Ordu Oyunları-2016» yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.
Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.
Müdafiə naziri tankçılarımızla görüşərək onların ilk dəfə olaraq belə bir mötəbər yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil etdiyini xüsusi vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.
«Beynəlxalq Ordu Oyunları-2016» yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.
Qeyd edək ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının «Tank biatlonu» və «Xəzər kuboku» müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Azərbaycanın belə tədbirdə çıxış etməsi ordumuz üçün nə verə bilər?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, əvvəl onun bu oyunlar barədə təsəvvürü başqa olub: «Sonra 10-dan artıq ölkənin orada iştirakını görəndə fikrim bir qədər dəyişdi. Çox ciddi bir tədbir idi. Xüsusilə də mənim yaxından tanıdığım peşəkar zabit Sakit Verdiyevin başçılıq etdiyi nümayəndələrin göstərdiyi nəticə ilə qürur duydum. Rusiyanın telekanalları ilə dünyaya yayımlanan verilişdə hətta aparıcının özü belə Azərbaycan tankçılarının göstərdiyi nəticədən heyranlığını gizlədə bilmədi. Belə oyunlarda daim iştirak etmək lazımdır. Bu, eyni zamanda, ordumuz üçün təcrübə mübadiləsi və gücünün nümayişi üçün çox əlverişlidir.
Biz müstəqil dövlətik, çalışmalıyıq ki, bütün mümkün vasitələrdən istifadə etməklə gücümüzü nümayiş etdirək. Ermənistan nümayəndələrinin də orada iştirakı bir qədər ürəkaçan olmadı. Ancaq belə xırda detallara fikir verməyə dəyməz».