İrəvanın Azadlıq meydanında bu gün yenidən mitinq başlayıb.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, aksiya "Təsis parlamenti” üzvlərinə dəstək məqsədilə keçirilir. Xəbərə görə, təşəbbüs qrupunun üzvü Alek Yeniqomşyan mitinqdə çıxış edərək, "Sasna tsrer” qruplaşmasının həbsxanadakı üzvlərinin hakimiyyətə qarşı mübarizədən əl çəkmək fikrində olmadıqlarını, hətta əksinə, kameralarda hər birinin ətrafına onlarla tərəfdar toplaşdığını bildirib. O deyib ki, "Sasna tsrer”ə dəstək verən qruplaşma bir qədər də təşkilatlanaraq sabahdan mitinqi özü idarə etməyə qərar verib və qeyd edib ki, bundan sonra daha konkret məqsədlər uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, qruplaşmanın əsas məqsədləri eynidir: Serj Sarkisyanın istefası, etimad hökumətinin qurulması, Qarabağ məsələsində prinsipiallıq və Ermənistanın inkişafı.
Xatırladaq ki, iyulun 17-də "Sasna tsrer” qruplaşması İrəvanın Erebuni rayonunda polis alayının binasına silahlı basqın edərək 1 nəfəri öldürmüş, 4-nü yaralamış, 8 nəfəri isə günlərlə girov saxlamışdı. Daha sonra rəsmilərlə danışıqlara gedən silahlı dəstə bir sıra şərtlərinin yerinə yetirilməsi qarşılığında girovları azad etməyə razılaşmışdı. Lakin sonradan üzvlərinin həbsə atılması ilə qruplaşma yenidən aksiyalara start verdi. Hətta bu üzdən ölkədə gərginlik o həddə çatdı ki, avqustun 5-də Rio-de-Janeyroya Olimpiadaya getməyi planlaşdıran prezident Sarkisyan həmin səfəri ertələməli oldu.