Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi ilə bağlı bir sıra tədbirlər sabah başa çatır.
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilən Təqvim Planına əsasən, avqustun 12-də səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.
Avqustun 12-də həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi də başa çatır.
Nömrələri və hüdudları göstərilən seçki məntəqələri siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələri siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqəseçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqəseçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi müddəti də sabah başa çatır.
Eyni zamanda seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, ayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti avqustun 12-də başa çatır.