Avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sarkisyanla görüşündə Qarabağ mövzusu, gözlənildiyi kimi, danışıqların əsas leytmotivini təşkil edib.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə Putin görüşün nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Azərbaycan və Ermənistan prezidentləri Qarabağ böhranından çıxmağın real həllini axtarırlar. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun digər üzv ölkələri də Qarabağ münaqişəsinin çözümünə qarant rolunu oynamağa hazırdır. Putin Rusiyanın Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasında maraqlı olduğunu bir daha bəyan edib. Bildirib ki, Azərbaycanla Ermənistanın kompromislər nəticəsində, "qalib və məğlub tərəf olmadan” münaqişənin çözümünü tapacağına əmindir.