Dünyanın aparıcı media orqanları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərinə geniş diqqət ayirib.
Baki-xeber.com bu barədə ria.ru saytına istinadən xəbər verir. Xəbərə görə, Ərdoğan-Putin görüşü tam simvolik xarakter daşımaqla, əslində Qərbə siqnal kimi qiymətləndirilməlidir. "Sankt-Peterburq görüşü ilə Ərdoğan Qərbə anlatmağa çalışır ki, seçimini onun Yaxın Şərqdə nüfuzuna hədə olan Moskvaya transfer edə bilər”- deyə nüfuzlu "Wall Street Journal” yazır.
"Washington Post” isə analitiklərin Ərdoğanın Rusiyaya doğru addım atmasının onun "ənənəvi müttəfiqlərindən ayrılmasına gətirəcəyilə bağlı ” əndişəsini səhifələrinə çıxarıb. "Financial Times” yazır ki, Putin-Ərdoğan görüşü Qərbdə böyük həyəcan yaradıb. Məsələyə Fransanın "La Croix” nəşri də diqqət ayırıb. Sözügedən nəşrin müxbiri ehtimal edir ki, Moskva, Suriya məsələsində olduğu kimi, Ankaradan da Qərbə qarşı istifadə edə bilər. Bu mövqeni Almaniyanın "HandelsblattQ qəzeti də bölüşür. Alman qəzeti yazır ki, "Putin-Ərdoğan görüşü həyəcan siqnalıdır və bu partnyorluq Qərbə ziyan vura bilər”. Müəllifin fikrincə, hazırkı situasiyada Avropa Türkiyəni özündən uzaqlaşdırmaqdansa, əksinə, öz tərəfinə çəkməlidir. Daha bi alman nəşri "Tagesspiegel” isə əksinə, yeni Türkiyə-Rusiya alyansının yaranmasına şübhə ilə yanaşır və Ankaranın daxili siyasətində dönüş edəcəyini istisna etmir. "Sankt-Peterburqa səfər etməklə Ərdoğan anlatmağa çalışır ki, Türkiyə Aİ və NATO sərhədlərindən kənarda özünə partnyor axtarır. Lakin bu o demək deyil ki, Türkiyə NATO-dan çıxır və bundan sonra alyansın siyasətinə ortaq olmur”- deyə qəzet yazır. "Türkiyə özünü hər zaman olduğundan daha çox Qərbin bir hissəsi sayır”- yazan qəzet onu da bildirir ki, "bundan sonra avropalı və amerikalıların Ərdoğanla dil tapması daha çıtin olacaq”.
"Der Spiegel” isə əmindir ki, Ərdoğan Rusiya ilə, ideolojidən çox, xeyir götürmək baxımından yaxınlaşmaqda maraqlıdır. Bu səbəbdən də qəzet yazır ki, Qərb daha çox xeyir vəd etməklə Türkiyəni öz tərəfinə çəkməlidir.
İstənilən halda isə görünən odur ki, Ərdoğanın Rusiya səfəri Qərbdə böyük narahatlıq doğurub və bu halda Qərbin hansısa məsələlərdə Ərdoğana güzəştə gedə biləcəyi də istisna olunmur.