Rusiya öz ərazisindəki Türkiyə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasında və Ankara ilə çarter reyslərinin bərpasında maraqlıdır.
Baki-xeber.com-un Rusiya mətbuatından əldə etdiyi xəbərə görə, belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün ardından keçirdikləri birgə mətbuat konfransında çıxış edib. O deyib ki, "bu, texnikanın və yaxın zamanın işidir”.
Putin onu da deyib ki, Türkiyə prezidenti "Akkuyu” AES və "Türk axını” qaz boru kəmərinin tikintisi barədə siyasi qərar qəbul edib.
Qeyd edək ki, danışıqların nəticəsi olaraq Putin və Ərdoğan bütün sferalarda öncəki münasibətlərin bərpasına hazır olduqlarını bildiriblər. Rusiya dövlət başçısı isə deyib ki, uzunmüddətli müzakirə tələb etməyən məsələlər yaxın həftələrdə yoluna qoyulacaq. Suriya məsələsinə gəldikdə, Putin deyib ki, Rusiya ilə Türkiyənin baxışları "hər zaman üst-üstə düşməyib”, lakin onu da bildirib ki, "bundan sonra xüsusi xidmətin iştirakı ilə məsələnin çözüm yolu axtarılacaq”.
Öz növbəsində, Putini "dəyərli dost” adlandıran Ərdoğan adıçəkilən iqtisadi əməkdaşlıq layihələrinin reallaşdırılmasına hazır olduğunu bildirib.