Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi. Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlətimizin başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırladı. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.