Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, Prezident İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Farucanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Spiker Anqlu Faruca Malta ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Anqlu Faruca Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə çox fəal təmasların olduğunu vurğulayaraq Malta Baş nazirinin ölkəmizə səfərləri zamanı onunla səmərəli müzakirələrin aparıldığını deyib.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan və Maltanın həyata keçirdikləri müxtəlif layihələrin önəmini qeyd edib. Ölkələrimiz arasında çox yaxın və dost münasibətlərin olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu deyib.
Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutskini də qəbul edib. Azərbaycanda müxtəlif ölkələrdən və təşkilatlardan müşahidəçilər missiyasının olduğunu vurğulayan Leonid Slutski Rusiya Federasiyası Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirib.
Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L.Slutski bildirib ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığının, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə nail olunduğunun şahidi olublar.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan Leonid Slutski qeyd edib ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını vurğulayan dövlətimizin başçısı bu qurumun bütün qaydaları və reqlamenti pozduğunu bildirib.
Prezident İlham Əliyev deyib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar”.
Dövlətimizin başçısı bütün bu hərəkətlərin qəbuledilməz olduğunu bildirib.