Dünən Rusiya aviasiya tarixində ən böyük faciələrdən biri baş verdi. Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə Sinay yarımadası üzərində hələlik bilinməyən səbəbdən qəzaya uğradı. Qəza nəticəsində 224 nəfər dünyasını dəyişib, onlardan 217 nəfəri sərnişin, 7 nəfər ekipaj üzvüdür. Sərnişinlərin hamısı istirahətdən qayıdan Rusiya vətəndaşları olub. Hazırda təyyarənin "Qara qutusu” tapılsa da, buna qədər gündəmi müxtəlif versiyalar bürüyüb. Ən çox hallandırılan versiya isə İŞİD-in təyyarəni vura biləcəyidir. Məsələ burasındadır ki, hadisədən dərhal sonra "İslam dövləti” terrorçu qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürdü. Lakin yerli rəsmi orqanlar bunu qətiyyətlə təkzib edir. Onların dediyinə görə, İŞİD həmin yüksəklikdə təyyarəni vura biləcək silaha malik deyil. Yerli orqanlar təyyarə ekipajının mühərrikin nasazlığından narahat olduğunu da bildirib, lakin təyyarənin məxsus olduğu "Koqalımavıa” heç bir vəchlə bu versiyanı yaxına buraxmır.
Lakin bütün deyilənlərə baxmayaraq, "Air Franse”, "Lufthanza” kimi iri aviaşirkətlər dərhal Sinay yarımadası istiqamətində uçuşları dayandırmaq barədə qərar qəbul etdi. Bu faktın özü sözügedən versiyanın daha inandırıcı olduğu anlamına gəlir. Ən doğrusunu isə, yəqin ki, "Qara qutu” deyəcək...
baki-xeber.com