Rusiya qırıcılarının Azad Suriya Ordusunun Cəbəl Əkrad və Lazkiyə rayonlarında birinci sahil briqadasının mövqelərini bombalaması nəticəsində 10 müxalifətçi həlak olub, 17 nəfəri isə yaralanıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Yerli mənbələrin məlumatına görə, dünən Rusiya təyyarələri Lazkiyə yaşayış məntəqəsinin Cəbəl Əkrad rayonunun Salma şəhərini bombalayıb. Burada isə Azad Suriya Ordusunun birinci sahil briqadası yerləşib. Suriya türkmənləri ittifaqı başçısının müavini Əhməd Vəzir xəbər verib ki, birinci bombardmanın ardından ərazidə xilasetmə işləri başlanıb. Bu zaman ikinci bombardmanın törədilməsi çoxlu insan tələfatına səbəb olub. Xəbərə görə, həlak olanlar arasında birinci sahil briqadası komandanının müavini Besim Zemo da olub. O, Əsəd qüvvələrindən ayrılaraq Azad Suriya Ordusuna qoşulmuşdu.