"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini iqtisadi sahədə inqilabi addım kimi dəyərləndirənlər haqlıdırlar". Bunu Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, sözügedən fərman Azərbaycanın siyasi azadlığına da, mənəvi mühitinə də çox güclü təsir göstərəcək: "Çünki sahibkarlıq sahəsində aparılan yoxlamalar təkcə sahibkarlıq subyektlərini əzmirdi, ümumi həyatımıza çox mənfi təsir edirdi. Bu məsələ zaman-zaman həm Milli Məclisdə, həm siyasi aləmdə, həm də media aləmində müzakirə olunub. Azərbaycan biznes strukturlarının həmişə hamisi kimi çıxış edən Prezident İlham Əliyev dəfələrlə sahibkarlıq subyektlərinin qanunsuz yoxlanması ilə bağlı narazılıqlarını dilə gətirib. Süründürməçiliyə, bürokratiyaya, rüşvət tələlərinə məruz qoyulan sahibkarlıq subyektləri iri tutumlu sənaye yaratmaq imkanından məhrum olunurdular, eyni zamanda Azərbaycanın bu və ya digər formada iqtisadi asılılığını dərinləşdirirdilər”.