"Vətənpərvər avropalılar Qərbin islamlaşdırılmasına qarşı” (PEGIDA) hərəkatı Drezdendə qaçqın axınına etiraz olaraq aksiya keçirib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Drezdenin mərkəzi Teatr meydanına toplaşan nümayişçilər "Merkel getməlidir”, "Merkel, Qabriel və onların əlaltıları alman xalqının düşmənidir”, "Qaçqınlar, evinizə dönün” çağırışları yazılmış transparantlar qaldırıblar. Bundan əlavə, aksiya iştirakçıları əllərində Almaniya bayrağı və "Biz xalqıq”, "Media yalançıdır” və "Müqavimət göstər” sözləri yazılmış plakatlar daşıyıblar. Ən maraqlısı isə aksiya iştirakçılarının üzərində təşkilatçı hərəkatın adı yazılmış "PEGIDA” peçenyelərinə qonaq edilməsi olub.
Polis aksiyaya müdaxilə etməsə də, ciddi təhlükəsizlik tədbirləri görülüb, bir helikopter isə aksiya bitənə kimi kütlənin başı üzərində fırlanıb.
Xəbərdə o da qeyd olunur ki, aksiya öncəsi "PEGIDA” tərəfdarları ilə onların əleyhdarları arasında yüngül toqquşma baş verib. Hətta "PEGIDA” tərəfdarları qarşı tərəfə qumbara da tullayıb. Bundan sonra polis ciddi təhlükəsizlik tədbirləri görərək tərəflər arasında barrikada qurub.
Polisin məlumatına görə, bir nəfər saxlanıb, lakin bu sayın arta biləcəyi istisna olunmur.«Spiegel» aksiyada 20 min "PEGIDA” tərəfdarının iştirak etdiyini yazıb. Qarşı tərəfin sayı isə 14 min göstərilib.