Rusiya aviasiyasının havadan bombalaması nəticəsində "Ən-Nüsra cəbhəsi” qruplaşmasının bölmələrindən birinin İdlibdəki komanda qərargahı dağıdılıb. Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, bu barədə dünən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib. Xəbərdə o da bildirilir ki, obyektin yaxınlığında olan, zenit qurğuları ilə təchiz edilmış iki yük avtomobili də məhv edilib.
Bundan əlavə, Latakiyada "İslam dövləti” terrorçu təşkilatının iri təlim düşərgəsi, Aleppoda terrorçuların kustar üsulla raket düzəltdiyi emalatxana dağıdılıb. Həmada isə islamçıların Cub Əs-Zarus yaşayış məntəqəsində digər rayonlara şaxələndirilmiş çıxışları olan yeraltı sığınacağı dağıdılıb.
Konaşenkovun sözlərinə görə, Rusiya təyyarələri sutka ərzində 33 uçuş həyata keçirib, Aleppo, Dəməşq, İdlib, Latakiya və Həmada 49 obyektə zərbələr endirilib. Qruplaşmanın iki komanda qərargahı, üç sursat anbarı, meşə-dağlıq ərazidə 32 atəş nöqtəsi və emalatxanası dağıdılıb.
Nazirliyin xəbərinə görə, Rusiya aviasiyasının zərbələrindən sonra ciddi silah çatışmazlığı ilə üzləşən İŞİD-çilər kütləvi şəkildə Dəməşqi tərk edir.