Cənubi Osetiya prezidenti Leonid Tibilev ölkəsinin Rusiyaya birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə fikirlərini o, Rusiya prezidenti Putinin köməkçisi Vladislav Surkovla görüşündə səsləndirib.
Tibilov deyib ki, Rusiyaya birləşmə "iki yüz ildir gürcü şovinizminə və faşizminə sinə gərən osetin xalqının bir əsrlik arzusudur”. O əlavə edib ki, Cənubi Osetiya "Rusiyaya birləşməklə uzun əsrlər özünün təhlükəsizliyini və çiçəklənməsini təmin etməlidir”. Prezident bundan ötrü referendum keçirilməli olduğunu bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Cənubi Osetiya prezidenti Leonid Tibilev 18 martda əməkdaşlıq və inteqrasiya ilə bağlı sənəd imzalayıb. Sənəd özündə vahid müdafiə və təhlükəsizlik məkanı, gömrük orqanlarının inteqrasiyası, dövlət sərhədlərinin sərbəst keçilməsi, vətəndaşlıq alınması prosedurunun sadələşdirilməsi, maaş və pensiyaların artırılması və Cənubi Osetiya xalqının tibbi sığortasının təmin olunmasını ehtiva edir.