Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Növbəti görüşlərini o, oktyabrın 16-da Saatlı rayonunun Sımada, Mircəlal, Soltanabad, Şirinbəyli və Qara Nuru kəndlərində keçirib. Görüşlərdə sözügedən kəndlərin ağsaqqalları, tanınmış şəxsləri, gəncləri ilə yanaşı, veteran jurnalist Məzahir Süleymanzadə, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz və Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə də iştirak edib.
Çox səmimi və maraqlı atmosferdə keçən görüşlərdə kənd ağsaqqalları arzu və təkliflərini bildirib, namizədə uğurlar arzulayıblar. Sonda çıxış edən Ə.Amaşov "Düşünürəm ki, mənə etimad göstərsəniz, məni öz deputatınız kimi görmək istəsəniz, bizləri qarşıda işgüzar beşillik gözləyəcək. Hesab edirəm ki, bu müddət nümunəvi zaman kəsiyi olacaq”, - deyə seçicilərin layiqli seçim edəcəklərinə inamını ifadə edib.
Baki-xeber.com