Xəzər Flotiliyasının hərbi gəmilərində qəfil yoxlanış çərçivəsində hərbi təlimlərə başlanıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Döyüş hazırlığının qəfil yoxlanışına dünən RF Ali baş komandanı Putinin əmrilə start verilib. Rusiya Hərbi Dəniz flotiliyasının hərbi hazırlıq idarəsinin rəisi Viktor Koçemazov bildirib ki, gəmilərdən əlavə, Mərkəzi Hərbi dairənin və digər dairələrin aviasiyası, həmçinin hava-desant qüvvələri və hərbi nəqliyyat aviasiyası da tam döyüş hazırlığı vəziyyətinə gətirilib. "Hərbi gəmilər daimi dislokasiya yeri olan Həştərxan və Mahaçqaladan çıxaraq Xəzərdəki təyinat yerinə çatıb”- deyə Koçemazov bildirib. O əlavə edib ki, yoxlanışda məqsəd Xəzər Flotiliyasında gəmilərin hərbi idarəetmə alqoritmlərinə diqqət yetirilməsidir. Eyni zamanda hərbi gəmilərdə döyüş ölçüləri, dar yerlərdən keçilmə, işıq siqnalları ilə işləmə və digər bu kimi təlimlərlə hərbi heyətin döyüş hazırlığı səviyyəsi yoxlanır.
Bu gün günün ikinci yarısında verilən xəbərə görə, artıq Rusiyanın Hava-Kosmik Qüvvələri də tam döyüş hazırlığı vəziyyətinə gətirilib.