Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.
Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub
Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə Respublikasının Prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bildirib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.