ABŞ-İsrail-İran müharibəsinin 12-ci günündə hər iki tərəf müharibənin gedişatı ilə bağlı ziddiyyətli açıqlamalar verməyə davam edir.
İran dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən 30 nömrəli yazılı açıqlamanı dərc edib. Bəyanatda deyilir: "İkinci dəfə olaraq Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər və Ərbildəki ABŞ bazaları hədəfə alınıb. Bölgədəki 5-ci Donanmanı hədəf alan 37-ci əməliyyat hücumların başlamasından bəri ən ağır və ən gərgin əməliyyat olub”.
Bəyanatda, təkcə 2 tonluq Xürrəmşəhr ballistik raketindən istifadə edilən əməliyyatın üç saatdan çox davam etdiyi bildirilir.
Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyn, Qətər, Küveyt və İraqdakı ABŞ bazalarına hücum edərək onların əməliyyat infrastrukturunu məhv etdiyini iddia edib.
Bu arada, İran dövlət televiziyası "Əsl Vəd-4" Əməliyyatının 36-cı dalğasını elan edən bir bəyanat yayımlayıb. Bəyanatda deyilir: "Əsl Vəd 4 Əməliyyatının 36-cı dalğasında ABŞ Ordusunun əməliyyat infrastrukturu “Qədr”, “Xayberşiken” və “Emad” raketləri ilə məhv edildi.
Əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasını, Qətərdəki Əl-Udeyd Hava Bazasını, Küveytdəki Əl-Udeyri Hava Bazasını və Şimali İraqdakı Əl-Hərir Hava Bazasını hədəf aldı”.
İranın cavab hərəkətlərində istifadə etdiyi sursatlara diqqət çəkən bəyanatda deyilir: “ABŞ-İsrail hücumları 28 fevralda başlayandan bəri İran tərəfindən atılan raketlərin təxminən yarısı çoxbaşlı olub”. Bəyanatda bildirilir ki, İranın cavab tədbirləri nəticəsində İsraildə 12 nəfər həlak olub, 7 nəfərin vəziyyəti ağır olmaqla 200 nəfər yaralanıb.
İsrail tərəfinin xəbərinə görə, İsrail ordusu İrandan hər gün vaxtaşırı raket atıldığını, Livandakı Hizbullahın isə tank əleyhinə və qısa lüləli raketlərlə cavab tədbirləri həyata keçirdiyini bildirib.
İranın itkilərinə gəldikdə, ABŞ-İsrail hücumlarının təkcə İran lideri Ayətullah Əli Xameneinin deyil, həm də çoxsaylı yüksək vəzifəli şəxslərin ölümünə səbəb olduğu bildirilir.
İran hakimiyyət orqanlarının məlumatına görə, 12 gündür davam edən ABŞ-İsrail hücumları nəticəsində ümimilikdə 1332 nəfər həlak olub.
SAMİRƏ
İranın cavab hərəkətlərində istifadə etdiyi sursatlara diqqət çəkən bəyanatda deyilir: “ABŞ-İsrail hücumları 28 fevralda başlayandan bəri İran tərəfindən atılan raketlərin təxminən yarısı çoxbaşlı olub”. Bəyanatda bildirilir ki, İranın cavab tədbirləri nəticəsində 12 nəfər həlak olub, 7 nəfərin vəziyyəti ağır olmaqla 200 nəfər yaralanıb.