Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun barəsində yeni iddia ortaya çıxıb. Bildirilir ki, Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə ABŞ-da yaşayan bir azərbaycanlı jurnalistlə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib. Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib.
Bu barədə xəbəri Demokrat.az saytı yayıb. Bildirilir ki, sözügedən jurnalistin adı sayta məlum olsa da, dəqiqləşdirmə aparmadan onu ictimaiyyətə açıqlamaq istəməyiblər.
Mövzu diqqətimizi çəkdiyi üçün biz də xəbəri dərc etmək qərarına gəldik. Sayt jurnalistin kimliyini açıqladıqda bu barədə də oxucularımıza xəbər təqdim edəcəyik.
Əli TURABOV