Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hüseynəliyev Elçin Məmməd oğluna yeni vəzifə verilib.
Onun "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin tabeliyində yaradılan "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin rəis əvəzi vəzifəsinə təyin edildiyi bildirilir. Bu barədə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.
Bildirildiyinə görə, 2005-2016-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının Babək Rayon İH başçısı olmuş Elçin Hüseynəliyev rayon camaatının yaddaşında yaxşı insan kimi qalmayıb. Vasif Talıbovun kadrı kimi tanınan, onun əmrlərini can-başla yerinə yetirən bu şəxsin yenidən vəzifəyə gətirilməsi bu səbəbdən rayonda birmənalı qarşılanmır. İndi rayon əhalisini bir sual çox narahat edir: vaxtilə Vasif Talıbovun “dobrosu” ilə rayonu çapıb-talayan, korrupsiya-rüşvətxorluq əməllərində ad çıxarmış birisi, qarantiya varmı ki, Yaşıllaşdırma İdarəsi kimi pullu yerdə köhnə əməllərinə yenidən qayıtmayacaq? Axı, atalarımız “öyrənmişə tövbə yoxdur” kəlamını elə-belə deməyib…
Yaşayıb görərik…
Əli TURABOV