İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illiyilə bağlı fevralın 17-nə planlaşdırılan yubiley tədbiri təxirə salınıb.
Modern.az-ın xəbərinə görə, təxirəsalmanının səbəbi açıqlanmasa da, güman olunur ki, bu təxirə salınma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi ilə bağlıdır. Məlumatlara görə, bu son deyil və səhiyyə sistemində ciddi dəyişikliklərin ola biləcəyi ehtimal edilir.
O da bildirilir ki, son illər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsü, maliyyələşmə və xəstəxana idarəçiliyi mövzuları tez-tez çəkişmə mövzusu olurdu. Hazırkı kadr islahatları ehtimal etməyə əsas verir ki, qurumlar birləşdirilə, səlahiyyətləri yenidən bölüşdürülə və ya idarəetmə modelində dəyişiklik baş verə bilər.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. Ölkə Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Qurum fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşırdı.
Əli TURABOV