Ermənistanın tərəfdaşlarını seçmək hüququ təbii ki var, lakin İrəvanın Vaşinqtonla kiçik modul reaktorlar barədə razılaşması suallar doğurur.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla ABŞ arasında Ermənistanın enerji sektoruna Amerika kiçik modul reaktorlarının daxil edilməsi ilə bağlı imzalanmış müqaviləni şərh edərkən bildirib. Saziş ABŞ-ın vitse-prezidenti J.D.Vensin İrəvana səfəri zamanı imzalanıb.
M.Zaxarova xatırladıb ki, İrəvan və Vaşinqton arasında razılaşdırılmış kiçik nüvə elektrik stansiyaları "yalnız kağız üzərində mövcuddur". Layihənin detalları ilə bağlı aydınlığın olmadığını qeyd edən Rusiya XİN sözçüsü həmçinin izah edib ki, Ermənistan bu məsələdə birbaşa Amerika investisiyası gözləməməlidir: maliyyələşdirməni Ermənistan özü, o cümlədən hələ mövcud olmayan TRIPP fondu vasitəsilə həyata keçirəcək.
M.Zaxarova onu da bildirib ki, Rusiya onilliklərdir Ermənistanın nüvə enerjisi sektorunda etibarlı tərəfdaşı olaraq qalır. Rusiya tərəfinin də Ermənistan Atom Elektrik Stansiyasının (AES) ömrünün 2036-cı ilə qədər uzadılması imkanlarını araşdırdığını qeyd edən diplomat Rusiyanın kiçik nüvə elektrik stansiyalarının fəaliyyət göstərdiyi yeganə ölkə olduğunu vurğulayıb.
SAMİRƏ