Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov vəzifədən uzaqlaşdırılsa da, o və onun sayəsində milyonlar sahibi olmuş yaxın ətrafı ilə bağlı şokedici faktlar hələ də yerli mətbuatın gündəmini zəbt etməkdə davam edir.
Hazırda ictimaiyyətin “radarında” Saleh Məmmədova Kür sahilində villa tikdiyi deyilən Arif Abbasovdur.
Gununsesi.info-nun xəbərinə görə, Saleh Məmmədovla yaxınlığı 5 saylı Magistral Yolların İstismarı MMC-nin rəisi Arif Abbasova AAYDA-da xüsusi imtiyazlar yaradıb.
Sayt yazır ki, bu yaxınlıq sayəsində günlərlə işə çıxmayan Arif Abbasov bu sistemdə çalışan ən varlı adamlardan birinə çevrilib. Lakin “yeyib itirən oğlan” olmadığına görə, sayəsində mənimsədiyi dövlətin milyonlarını tək yeməyib, özünə nə inşa etdiribsə, eynisini Saleh Məmmədov üçün də edib. Belə ki, Arif Abbasov Mingəçevirdə Kür çayı sahilində öz evinin yaxınlığında Saleh Məmmədov üçün də villa inşa etdirib. Hətta bu inşaat zamanı Abbasovun Saleh Məmmədov “sevdası” o qədər qabarıb ki, çay kənarında sakinlərin hərəkəti üçün nəzərdə tutulan sahil zolağını belə dədə malı kimi “patronuna” peşkəş edib. Bu da fotofakt:
Üstəlik, bu da hamısı deyil. Xəbərdə Abbasovun “Saleh Məmmədov sevdası”nın bağlı sərhədlərimizi də aşaraq Rusiyanın Kislovodsk şəhərinə qədər gedib çıxdığı bildirilir. Sən demə, bu kurort şəhərində də Arif Abbasov öz villasının yanında Saleh Məmmədov üçün dəbdəbəli ev tikib…
Məşhur bir Azərbaycan filmində deyildiyi kimi, “uşaqda fərasətə bax ey…”
Əli TURABOV