Ermənistan hakimiyyəti ABŞ-dan Azərbaycana satılan silahların Ermənistana qarşı istifadə olunmayacağına və ya ABŞ-ın eyni silahları hər iki ölkəyə satacağına dair zəmanət almalıdır.
Bu barədə "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan sosial mediada paylaşdığı videomüraciətdə bildirib. O qeyd edib ki, mahiyyət etibarilə Ermənistanın dəstəyi ilə (?) Azərbaycan ABŞ-ın silah embarqosundan azad olub. "Onilliklər ərzində Azərbaycan ABŞ-dan silah və ya digər hərbi mallar ala bilmirdi. Azərbaycan ABŞ-dan yalnız İranla sərhədini möhkəmləndirmək üçün yardım alıb. Terrorizmlə mübarizə bəhanəsi ilə onlar təlim, pul və müəyyən növ avadanlıqlar alıblar. Sonradan məlum oldu ki, bu avadanlıq Qarabağ müharibəsi zamanı istifadə olunub", - deyə Marukyan bildirib.
Vensin Ermənistan və Azərbaycana səfəri zamanı ABŞ-ın İrana mümkün hücumu halında hər iki ölkənin mövqeyini aydınlaşdırmaq niyyətində olduğunu deyən Marukyan əlavə edib ki, bu gün onlarla insan ABŞ-ın vitse-prezidentinə Azərbaycandakı erməni siyasi və hərbi əsirlərinin azad edilməsi xahişi ilə müraciət edir, lakin vacib strateji məsələləri qaldırmır.
Bakının erməni hərbi əsirləri ömürlük həbs cəzasına məhkum etməsinə Ermənistanın dövlət səviyyəsində heç bir reaksiya vermədiyini bildirən Marukyan Amerikanın Azərbaycana silah embarqosunu qaldırmasına toxunaraq deyib ki, ABŞ ya bizi də silahlandırsın, ya da silahlarının bizə qarşı istifadə olunmayacağına zəmanət versin".
Yaxşı deyiblər ki, "oğru elə bilər hamı oğrudur..."
SAMİRƏ