Bakı və Ankara Ermənistanı vassal dövlətə çevirmək üçün Erməni Apostol Kilsəsini cəmiyyətdəki dayaqlarından məhrum etmək istəyir.
Bu barədə İrəvanda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyanın ABŞ vitse-prezidenti J.D. Vensə, Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatına və hazırda Vaşinqtonda keçirilən Beynəlxalq Din Azadlığı Sammitinin iştirakçılarına ünvanladığı açıq məktubda deyilir.
Erməni din xadimi məktubunda bildirir ki, Azərbaycan lideri Ermənistanı vassal dövlətə çevirməyə çalışır və Türkiyə də bu işdə Azərbaycana kömək edir. Onun sözlərinə görə, guya bu planın əsas qayəsi Erməni Apostol Kilsəsini müstəqil söz hüqüqündan məhrum etməkdir.
Bununla bağlı Qalstanyan məktub ünvanladığı şəxsləri Azərbaycan Prezidentinə və Ermənistan Baş nazirinə təsir göstərməyə çağırıb.
Qalstanyanın daha bir istəyi, təbii olaraq, Bakıda məhkəməsi keçirilən erməni hərbi canilərinin qaytarılması üçün Azərbaycan dövlətinə təsir göstərilməsinə nail olmaqdır.
Arxiyepiskopun üçüncü istəyi isə daha maraqlıdır. O, Ermənistan və Azərbaycan arasında sülh prosesində “Müqəddəs Eçmiədzin Ana Taxt-tacının dialoqa tərəf kimi” daxil edilməsini arzulayır və bunun üçün Mersdən yardım istəyir.
Belə görünür ki, Ermənistanın xəstə cəmiyyəti hələ də sağalmaq perspektivindən uzaqdır və özlərinin illüziyaların arxasınca qaçmaları bəs deyilmiş kimi, dünyanın nüfuzlu təşkilatlarını da xəstə təxəyyüllərinə alət etmək istəyirlər.
SAMİRƏ