"ABŞ ilə danışıqlar təhdidlər və məntiqsiz gözləntilərsiz, milli maraqları təmin etmək üçün aparılmalıdır".
Bunu prezident Məsud Pezeşkian X sosial şəbəkəsində yazıb. Pezeşkian bildirib: "Regiondakı dost ölkələrin ABŞ prezidentinin danışıqlar təklifinə cavab vermək çağırışlarını nəzərə alaraq xarici işlər nazirinə bərabər və ədalətli danışıqlara hazırlaşmaq göstərişi vermişəm... Danışıqlar təhdid və məntiqsiz gözləntilər olmayan mühitdə aparılmalıdır”.
İstanbulda İran və ABŞ arasında danışıqların əsas məqsədi hər hansı münaqişənin qarşısını almaq, tərəflər arasında gərginliyi azaltmaqdır. Bunu "Reuters"ə regiondan bir rəsmi deyib. Anonimlik şərti ilə danışan rəsminin dediyinə görə, danışıqlara regionun bir sıra gücləri də dəvət olunub. Onların arasında Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Oman və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri var. "Axios" nəşri yazır ki, Ağ Evin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin mümkün nüvə sazişinin müzakirəsindən ötrü fevralın 6-da İstanbulda görüşəcəkləri gözlənilir. Nəşr məsələdən agah iki mənbəyə istinad edir. Planlaşdırma prosesi ilə tanış üçüncü mənbə isə deyib ki, cümə günü görüşü "ən yaxşı ssenari" sayılır, lakin görüş keçirilmədən bu haqda qəti nəsə demək mümkün deyil.
ABŞ prezidenti Donald Tramp daha öncə İranın ABŞ ilə "ciddi" danışıqlar apardığını deyib. Tramp indiyədək İranın avtoritar rəhbərliyinə qarşı sərt mövqe sərgiləyib. Bu arada ABŞ və İsrailin yüksəkrütbəli generalları Pentaqonda görüşüblər. Bu görüş İranla bağlı gərginliyin artması fonunda keçirilib. Xəbəri "Reuters" ABŞ-nin anonimlik şərti ilə danışan iki rəsmisinə istinadla yayıb. ABŞ-ın Birləşmiş Qərargah rəisi general Den Keyn və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir arasında qapalı müzakirələrin detalları bəlli deyil. Görüş haqda öncədən xəbər verilməyib. ABŞ prezidenti Donald Tramp İrana danışıqlara getməsi təzyiq göstərir, təhdid edib, Yaxın Şərqə əlavə qüvvələr göndərir. İran isə xəbərdarlıq edib ki, ABŞ-nin hücumu regional münaqişəyə çevrilə bilər. "Reuters" yazır ki, İsrailin müdafiə naziri İsrael Kats Vaşinqton görüşündən sonra Zamir ilə görüşüb. Katsın ofisinin bildirdiyinə görə, görüşdə regiondakı vəziyyət, İsrail ordusunun istənilən mümkün ssenariyə qarşı əməliyyat hazırlığı müzakirə olunub.
Samirə SƏFƏROVA