27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılıb.
İki əmlakın ümumi satış qiymətinin təxminən 1 milyon 376 min manat təşkil etdiyi deyilir: Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan, satış qiyməti 926 250 manat təşkil edən yaşayış evi və Səbail rayonu, Azadlıq prospektində satış qiyməti 450 000 manat təşkil edən qeyri-yaşayış sahəsi. Yerli mətbuatın xəbərinə görə, ötən ay da sabiq nazirin 490 min manata iki mənzili satışa çıxarılıb. Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuş, 20 milyon manatlıq əmlakı isə dövlət nəfinə müsadirə edilmişdi. Lakin dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verildi. Maraqlıdır, Səlim Müslümov bu varidatı Dövlət Sosial Müdafiə Fonduna sədrlik etdiyi 11 ildə toplayıb, yoxsa həmin sahəyə nazir postunda rəhbərlik etdiyi cəmi 5 illik dönəmdə? Ancaq bir şey aydındır: sadə əməkçinin dərmanına belə yetməyən bugünkü pensiya təminatı Müslümovun şah əsəridir…
SAMİRƏ