Xəbər verildiyi kimi, Prezident İlham Əliyev yanvarın 30-da Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, buna səbəb son dövrlər Süleyman Mikayılovun adının bir sıra cinayət işlərində hallanması olub.
Qeyd olunur ki, bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs edilib. "Çakır" ləqəbi ilə də bilinən Süleyman Mikayılovun istintaq prosesində saxlanılan şəxslərə adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, əvəzində onların ev dustaqlığına buraxılmasına yardım edəcəyinə söz verdiyi iddia olunur.
Lakin müəyyən müddət keçməsinə baxmayaraq, "vəd edilən addımlar atılmır". Bundan sonra həbs olunan şəxslərin prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.
Elə bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.
Əli TURABOV