İran Səhiyyə Nazirliyinin rəsmilərinə görə, təkcə 8 və 9 yanvar tarixlərində ölkədə 30.000-ə qədər insan ölmüş ola bilər. Bu, hakimiyyət orqanları və insan haqları fəalları tərəfindən əvvəllər açıqlanan rəqəmlərdən xeyli çoxdur.
Time jurnalı bu barədə bazar günü, 25 yanvar tarixində ölkənin Səhiyyə Nazirliyinin iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, həmin günlərdə İran təhlükəsizlik qüvvələri tərəfindən törədilən kütləvi qətllər dövlət sistemini o qədər sarsıtmışdı ki, hakimiyyət orqanları cəsədlərin utilizə edilməsinin öhdəsindən gələ bilmirdi. Mənbələr bildirib ki, cəsəd torbalarının ehtiyatı tükənmişdi və onların daşınması üçün təcili yardım maşınları əvəzinə ağır yük maşınlarından istifadə olunurdu. Lakin Time onu da qeyd edir ki, İranda ölənlərin sayını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Qeyd edək ki, etirazçılara qarşı zorakılığın əsl miqyası və itkilərin dəqiq sayı hələ də məlum deyil. Şahidlər və insan haqları təşkilatları bildirir ki, İran təhlükəsizlik qüvvələri ölkə daxilində nümayişçilərə atəş açıb. Lakin internet və telefonun bağlanması və hadisələrin mediada işıqlandırılması üzərində hökumətin sərt nəzarəti müstəqil araşdırmanı çətinləşdirib.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi 23 yanvarda etirazlar zamanı ölənlərin ümumi sayının 3117 olduğunu bildirib. Bunlardan 2427-nin mülki şəxslər və təhlükəsizlik işçiləri olduğunu deyən nazir qalan qurbanları "terrorçular" adlandırıb.
Müstəqil insan haqları təşkilatları isə fərqli qiymətləndirmələr irəli sürür. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 24 yanvar tarixinə 5459 ölüm faktını təsdiqləyib, əlavə 17031 ölüm halı ilə bağlı məlumatlar isə araşdırılır.
SAMİRƏ