Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi, Ufuk Turqanər Azərbaycanla diplomatik, siyasi, iqtisadi, mədəni, təhsil, turizm və bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsini hədəflədiklərini bildirib.
Xanım Turqaner AA müxbirinə ŞKTC–Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və gələcək gözləntilərini dəyərləndirib:
"Qardaş ölkə Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini vurğulayan Turqaner iki ölkə arasındakı əlaqələrin yüksələn və inkişaf edən xətt üzrə irəliləməsindən böyük məmnunluq duyduqlarını qeyd edib".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ŞKTC-yə və Kipr Türk xalqına verdiyi dəstəyin son dərəcə önəmli olduğunu xüsusi olaraq qeyd edən Turqanər bildirib ki, dövlət başçılarının dəstəyi münasibətlərin inkişafına mühüm töhfə verir:
“Dövlət başçılarının bizə verdiyi tapşırıqlar var. Biz də bu istiqamət çərçivəsində ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışırıq”, – deyə o əlavə edib.
Azərbaycan–ŞKTC münasibətləri baxımından 2025-ci ilin olduqca məhsuldar keçdiyini vurğulayan Turqanər, Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanda təşkil olunan tədbirlərində ŞKTC-li nazirlərin iştirak etdiyini bildirib. O qeyd edib:
“Diplomatik, siyasi, iqtisadi, mədəni, təhsil, turizm və bütün sahələrdə münasibətlərimizi daha da irəli aparmağı hədəfləyirik. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, ‘Ailəmiz Türk dünyasıdır’ və biz bu ailəyə böyük önəm veririk. Türk dünyası ailəsinin ayrılmaz parçası olan Kipr Türk xalqının buradakı nümayəndələri olaraq 2026-cı ildə də bütün gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik. İki qardaş ölkə arasındakı münasibətlərin daha da irəliləməsi üçün çalışacağıq.”
“Türk Dövlətləri Təşkilatına böyük önəm veririk”
Turqanər ana Vətən Türkiyə və qardaş ölkə Azərbaycanın şərtsiz dəstəyi sayəsində TDT-yə müşahidəçi üzv olduqlarını xatırladaraq deyib:
“TDT-yə böyük önəm veririk. TDT özümüzü ifadə etmək və haqlı davamızı bir daha Türk dünyasında səsləndirmək üçün mühüm platformadır”.
2026-cı ildə Azərbaycanda mədəni tədbirlərə daha çox üstünlük verərək Kipr Türk mədəniyyətinin burada daha yaxından tanıdılmasını təmin edəcəklərini bildirən Turqanər “Prezidentimiz Tufan Erhürmanın rəsmi dəvət alaraq Azərbaycana səfər etməsi gözləntilərimiz arasındadır. Eyni zamanda, ŞKTC Cümhuriyyət Məclisinin sədrinin Azərbaycan Milli Məclisinin sədri tərəfindən dəvət olunması da bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə qeyd edib.
Serdar Şengül