Niderland Krallığının Rotterdam şəhərində Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi və bu faciənin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Belçika–Niderland Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri Elsevər Məmmədov tədbiri giriş sözü ilə açaraq, 20 Yanvar faciəsinin hər bir azərbaycanlının həm qəhər, həm də qürur günü olduğunu bildirib. O vurğulayıb ki, bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna rolundan, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlardan danışıb. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Tədbirin aparıcısı “BAK”ın baş məsləhətçisi Lamiyə Babayeva, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, “Hollandiya–Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli, “Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev, “Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının” üzvü Cəfər Gündoğdu, 20 Yanvar hadisələri zamanı həyat yoldaşını itirmiş Ofeliya Mehdiyeva, “Beniluks Azərbaycanlıları Konqresinin” birinci vitse-prezidenti Sima Cəfərova çıxış edərək 20 Yanvar şəhidlərini dərin ehtiramla yad ediblər.
Çıxışlarda Avropada yaşayan azərbaycanlıların hər zaman öz dövlətinin yanında olduqları, Azərbaycan Prezidenti və Ali Baş Komandanına daim sadiq qaldıqları xüsusi vurğulanıb.
Tədbir Niderlandda yaşayan tanınmış tarzən Cavid Səlimovun və 2007-ci il Muğam müsabiqəsinin qalibi, Beynəlxalq Muğam Mərkəzinin və Dövlət Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanovanın konsert proqramı ilə davam edib.
SAMİRƏ