Ermənistanın Baş Prokurorluğu və İstintaq Komitəsi Samvel Karapetyanın məhkəməyəqədər həbsinə qaytarılmasını istəyir və onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə qərarından şikayət verib. Bu barədə "Taşir" Şirkətlər Qrupunun sahibinin vəkili Aram Vardevanyan məlumat verib.
Vəkil şikayətlərini hansı əsasla təqdim etdiklərini bilmir. Vardevanyanın sosial mediada yazdığına görə, Ermənistan Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əsasən, həbs və ev dustaqlığı şəxsin azadlığını məhdudlaşdırmaq baxımından eynidir. O, hesab edir ki, hakimiyyətin Karapetyanı məhkəməyəqədər həbsə qaytarmaq istəyi açıq-aydın qanunsuzdur. Lakin müdafiə tərəfi özü də ev dustaqlığına qarşı şikayət ərizəsi verəcək və iş adamının azadlığa buraxılmasında israr edəcək.
Xatırladaq ki, 30 dekabr 2025-ci ildə məhkəmənin qərarı ilə Karapetyana qarşı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bundan əvvəl isə "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan 2025-ci ilin iyun ayında ruhanilərlə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs olunmuşdu. Karapetyan hökumətin hərəkətlərini siyasi təzyiq adlandıraraq ittihamları rədd etmişdi. Kilsəni dəstəkləyən açıqlamasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan sosial mediada ruhanilər və xeyriyyəçilər haqqında bir sıra təhqiramiz şərhlər paylaşaraq geniş ictimai etirazlara səbəb olmuşdu. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü maddələri ilə yeni ittihamlar irəli sürüldü: o, "vəzifəli və ya rəsmi səlahiyyətlərdən və ya onlara əsaslanan təsirdən istifadə edərək xüsusilə külli miqdarda çirkli pulların yuyulması" kimi məsələlərdə ittiham edildi.
“Forbes”ə görə Karapetyan Rusiya vətəndaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir. O, həmçinin erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib. Karapetyan eyni zamanada Rusiya prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi məhşurdur.
Tahir TAĞIYEV